Prezident İlham Əliyev yeni icra başçılarına korrupsiyadan uzaq, təvazökar və qayğıkeş olmağı tapşırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı videoqəbulda çıxış edərək qeyd edib ki, icra başçısı vəzifəsinə təyin edilmənin böyük etimad göstəricisidir.

“Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz. Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”, – deyə ölkə başçısı yeni təyin edilmiş icra başçılarına tapşırıq verib.

Prezident onu da bildirib ki, rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir.

“Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır. Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var” – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşadığını və onlar üçün şərait yaradıldığını bildirib.

“Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür – ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır – neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”, – deyə dövlət başçısı qeyd edib.

Çıxışında Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluq məsələlərinə də toxunub və onlara qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparıldığını bəyan edib.

“Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun”, – deyə ölkə başçısı xəbərdarlıq edib.

Ölkə başçısı icra başçılarına davranışlarıyla  insanların hörmətini qazanmalarını və təvazökar olmalarını,  həm işdə, həm məişətdə, özlərinin və yaxın qohumlarının təvazökar olmalarını tapşırıb.  

Prezident İlham Əliyev kadr siyasətində düzgün addımların atılmasının vacibliyini eyd edib və Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük kadr seçimində əsas meyar kimi götürülməsini tapşırıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov dövlət başçısına tə.əkkürlərini bildirdilər və yeni vəzifələrində böyük əzm ilə çalışacaqlarına söz verdilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma