Tibb işçiləri COVID-19 növbəti dalğasına hazırlaşır, lakin hər bir peyvəndi istifadə etmək niyyətində deyil

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün növbəti brifinq keçirib.

TIME bildirir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri – TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasınln həkim-infekionisti Fərrux Sədirov, ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov jurnalistləri maraqlandıran suallara cavab verib.

Brifinqdə çıxış edərək Y. Qarayeva pandemiyanın bütün dünyada fövqəladə hadisə olduğunu və heç bir ölkənin bu xəstəliyə hazır olmadığını qeyd edib.

“Hazırda bütün həkimlərimiz bu virusa qarşı mübarizə aparmaq üçün hazırlıq keçirlər. Bakıda həkimlər üçün bununla bağlı seminarlar da keçirilib. Bütün həkimlər səfərbər olunub. Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Tibbi heyət bu işdə əlindən gələni əsirgəmir”, – deyə o  bildirib.

Bu arada Elnur Azadxanov hazırda 15 minə qədər tibb işçisinin koronavirusla mübarizə apardığını bildirib.

Onun sözlərinə əsasən, ümumilikdə 51 xəstəxana koronavirusla mübarizəyə cəlb olunub. Bunlardan 31-i hazırda xidmət göstərir. Xəstəxanalar COVİD-li xəstələrin müalicəsində bütün gücü ilə çalışmaqdadır. Bu xəstəxanalar bütün cihazlar və dərmanlarla təmin edilib.

Virusa qarşı peyvənddən bəhs edərək, Y. Qarayeva qeyd edib ki, Azərbaycan hazırlanan hər bir peyvənddən istifadə etmək niyyətində olmadığını vurğulayıb və hazırda peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqların aparıldığını qeyd edib.

“Bu bir məsuliyyətdir. İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz. Bizim üçün peyvəndin hazırlanması əsas deyil, əsas həmin peyvəndin necə təsirli olmasıdır. Peyvənd xəstəliyi sağaltmaqla yanaşı immunitet yaratmalıdır. Ona görə də bu nəticənin tez bir zamanda əldə olunması mümkün deyil”, – deyə o bildirib.

Emil Qasımov pandemiya dövründə koronovirus ilə mübarizədə immun plazmadan istifadə edərək müalicə edilən xəstələrin sayının yetərincə çox olduğunu bildirib.

 “Hər qurtarılan can bizim üçün çox dəyərlidir. İmmun plazma vasitəsi ilə virusun müalicəsi hazırda dünyada müzakirə olunur. Bəzi ölkələrdə bu üsul gözlənilən effekti vermir, lakin Azərbaycanda biz kifayət qədər xəstələri bu üsulla sağaltmışıq. Son aylar immun plazmaların istifadəsində heç bir problemlərimiz olmayıb”- deyə o qeyd edib.

Yaqut Qarayeva öz növbəsində bildirib ki, 90 nəfərə yaxın COVİD-19 xəstəliyindən sağalan şəxs koronavirus xəstələrinə qan vermək üçün müraciət edib. Həmin şəxslər tibbi müayinədən keçirilib və 79 nəfərin qan verməsinə icazə verilib.

“Həmin şəxslərdən götürülən qanla 231 plazma hazırlanıb. Bu plazmalar 179 xəstənin müalicəsinə istifadə olunub”, – deyə o bildirib.

Gənclər arasında koronovirusdan ölümlə nəticələnən halların olmasını Fərrux Sədirov onunla izah edib ki, əsas səbəb gənclərdə virus yükünün yüksək olmasıdır.

Onun sözlərinə əsasən, insanda virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir.

“İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Nəticədə digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır”,- deyə o bildirib.

F. Sədirov brifinq iştirakçılarına bir daha koronavirusun dünyada qəbul olunan əsas əlamətlərinin qızdırma, quru öskürək və halsızlıq olduğunu xatırladıb.

O qeyd edib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir.

Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xüsusiyyətdir.

“Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun mövcud olması ehtimalı kimi qəbul edilir”.

Brifinqdə eyni zamanda bildirilib ki, karantin şərtlərinin yumşaldılması nəticəsində yoluxma hallarının artacağı gözlənilən idi, lakin bu hazırda karantinin sərtləşdirilməsinə əsas vermir. Tibb işçiləri insanların öz səhhətlərinin qeydinə qalaraq məsafə saxlamasına və maskalardan istifadə etməsinə ümid edirlər.

Leave a Reply