Şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemi yaradılır

Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncam ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sisteminin yaradılmasını nəzərdə tutur.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN müraciət” informasiya sistemini və onun mobil tətbiqinin formalaşdırmasına cavabdehdir.

Eyni zamanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının “ASAN müraciət” informasiya sisteminə çıxışını təmin etməlidir.

Dövlət orqanları (qurumları) “ASAN müraciət” informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “ASAN müraciət” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməsi tapşırılıb.

Nazirlər kabineti, “ASAN müraciət” informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Leave a Reply