Əmircanda qədim tarixi abidə olan məscid zibil xanaya çevrilib – MƏSCİDİN YARANMA TARİXİ

Bu günlərdə sosial şəbəkələrdə Suraxanı rayonu Əmircan qəsəbəsində (köhnə Xilə kəndində) yerləşən XIV əsrə aid Nizaməddin məscidinin zibil xanaya çevrilməsini təsdiq edən fotolar yayılıb.

Bu məsələyə, gec də olsa, laqeyd qalmayan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olublar və abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılıb.

Belə hallarla rastlaşdıq da, doğrusu aidiyyəti dövlət qurumlarından daha çox ölkəmizin dəyərli vətəndaşları qınanmalıdır, çünki istənilən ölkədə tarixi abidələr, ələlxüsus da dini ibadət yeri olmuş məscidlər və kilsələr ilk növbədə əhali tərəfindən qorunmalıdır və qorunur. Əlbəttə ki, məscidi restavrasiya etmək kiçik bir kəndin sakinlərinin gücü çatacaq bir iş deyil, lakin onlar ən azı günah bilərək ora zibil atmaqdan çəkinməlidir.

Məscidə gəldikdə isə, tarixi məlumatlara əsasən o, XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscid Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilib. O vaxtlar Şirvan şahı və şeyxülislamı Əmir Nizaməddini Əmirhac (“hacılar əmiri”) təyin etmişdir. Sonradan kəndin adı məhz bu titul ilə əlaqədar dəyişilərək, əvvəl Əmirhacıyan, daha sonra isə Əmircan olmuşdur. Beləliklə, Nizaməddin məscidini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb:

“Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir”. Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri qəməri 730-cu il (miladi tarix 1329-1330)”.

1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilmiş və onun cənub tərəfə baxan həyətində yeni portal tikilmişdir.

Məscidin üzərindəki başqa kitabələrə əsaslanıb qeyd etmək olar ki, 1830-1831-ci illərdə burada ciddi, əsaslı təmir işləri aparılmış və onun şimal divarının yanında yeni bir xanə tikilmişdir.

Məscidin qərb fasadının şimal tərəfində olan qapı yerinin yuxarısında iki üfüqi formalı kitabə qoyulub. Faktlardan görünür ki, hər dəfə aparılan cari inşaat işlərində məscidin memarlıq ünsürlərinə yeni əlavələr olunmuş və bu əlavələri edən şəxslərin adları da yeni qoyulan kitabələrdə öz əksini tapmışdır.

XX əsrin əvvəllərində məscidin yenidən təmirə ehtiyacı olmuş və inşaat işləri aparılarkən qərb eyvanının mərkəzində vaxtilə Nizaməddinin tikdirdiyi qapının qarşısında dörd daş sütundan ibarət giriş yeri düzəldilmişdir.

Əsas isə məscidin altında olan mağaradır – nəzəriyyəyə görə həmin mağarada vaxtı ilə İbrahim (ə.s.) peyğəmbər atası Azər və başqa müşriklərdən gizlənirmiş. Və sonradan mağaranın üstündə bina tikib.

P.S. Dünyanın hər bir yerində tarixi və dini abidələrə bu cür yanaşma olsaydı bu gün biz Aya Sofya məscidi, Notr Dam kilsəsi, Luvr, Rim kolizeyi, Misir piramidaları kimi mədəni-tarixi irsi itirmiş olardıq. Tarixi abidənin böyüyü və ya kiçiyi olmur hamısı dəyərlidir, diqqət və qayğı tələb edir.

Leave a Reply