Məhkəmələr vətəndaşların onlayn qəbuluna başlayıb

Ədliyyə nazirliyinin aidiyyəti idarələri tərəfindən onlayn qəbullar təcrübəsi genişləndirilərək müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoformatda qəbulları keçirilib.

TIME Ədliyyə nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində kütləvi tədbirlərlə yanaşı, bilavasitə qəbullar təxirə salınıb. Bununla bağlı nazirlik tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, eyni zamanda dövət başçısının tapşırıqlarına uyğun olaraq nazirlikdə vətəndaşların videoqəbulunun Qaydası müəyyən olunub və bu işin təşkilində müasir İKT-lərin imkanlarından istifadə edilir.

Vətəndaşların videoformatda qəbulu genişləndirilərək nazirliyin Kadrlar idarəsinin və Cəzaların icrasına nəzarət üzrə Müfəttişliyinin rəhbərliyi tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulları keçirilib.

Regional ədliyyə idarələri vasitəsilə müxtəlif bölgələrdən qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə orqanlarında könüllü fəaliyyətə cəlb olunması, işə qəbul, habelə məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qeyd edək, bu tədbirlər nazirlik tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə həyata keçirilir.

Leave a ReplyCancel reply