Hulusi Akar: “Azərbaycan tək deyil, ölkələrimiz sülhün, sabitliyin tərəfdarıdır” – VİDEO

Bu sözləri Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev qeyd edib ki, bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində keçirilən təlimlərin hərbi əməkdaşlıq baxımından çox böyük önəmi var, onlar eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi çox böyük əhəmiyyət kəsb edirlər.

Ölkə başçısı Azərbaycanda və Türkiyədə hər il 10-dan çox birgə təlimlərin keçirildiyini və bunun adi hal olduğunu və bu təlimlərin bəzi ölkələrdə əsas narahatlıq doğurduğunu bildirib.

“Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, – deyə  Prezident İlham Əliyev qeyd edib.

Ölkə başçısı bildirib ki, bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir.

“Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir”, – deyə o qeyd edib.

Gələcəkdə təlimlərin intensivliyinin daha da artacağını bildirən Prezident İlham Əliyev, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin bu günlər ərzində Azərbaycanda olarkən onların burada öz Vətənində olduğunu qeyd edib və onların Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacağında əmin olduğunu deyib.

Öz növbəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar vaxt ayırıb onun rəhbərlik etdiyi heyəti qəbul etdiyi üçün Prezident İlham Əliyeva ehtiramlarını və təşəkkürlərini bildirib, eyni zamanda Türkiyə Prezidentinin salamlarını və xoş arzularını çatdırıb.

“Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür. Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”, – deyə o, qeyd edib.

Azərbaycan Türkiyə silahlı qüvvələrinin əməkdaşlıq tarixinə nəzər salaraq Hulusi Akar, müasir dövrdə keçirilən təlimlərin nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimi qiymətləndirib.

“Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar. Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir. Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir”, deyə Türkiyə Milli Müdafiə naziri qeyd edib.

O, Azərbaycanın tək olmadığını və ölkələrimizin sülhün, sabitliyin tərəfdarı olduğunu bəyan edərək, təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarı olduğunu bildirdi.

“Haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”, – deyə Hulusi Akar fikirlərini tamamladı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma