ƏƏSMN: sığortaolunanlara qarşı ədalətli addım və yeni elektron təyinatlar

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi vəsaitin böyük bir hissəsini fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilib.

Nazirliyinin məlumatına istinadən TIME bildirir ki, sığortaedənlər tərəfindən 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlayıb ki, toplanmış 1,1 milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib. Bu da fərdi hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub.

“Bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq”,- deyə nazir bildirib.

Nazirliyin rəsmi məlumatında qeyd edilib ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq.

Ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.

Ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat  sistemləri yaradılıb.

Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.

Leave a Reply